Luvr muzeyindəki zərrəcik sürətləndiricisi - AGLAE














Parisdə yerləşən Luvr Muzeyinin şüşə piramidasının altında, 15 metr dərinlikdəki zirzəmidə, kuratorların sərgiləməyi düşünmədikləri bir əsər var: muzeyin zərrəcik sürətləndiricisi. Bu, Dan Braunun romanı deyil. "Accélérateur Grand Louvre d'analyse élémentaire", yəni qısaca AGLAE adlı cihaz realdır və 1988-ci ildən bəri muzeyin bir parçasıdır.

Araşdırmaçılar, əsərlərin hazırlandığı maddələri öyrənmək və orijinallıqlarını təsdiqləmək üçün AGLAE-nin proton və alfa zərrəcik şüalarını istifadə edir. Bir obyektin tərkibindəki elementlərin miqdarı və kombinasiyaları, mineralın çıxarıldığı mədənlərə və obyektin nə vaxt hazırlandığına dair barmaq izi kimi qiymətli məlumat verə bilər.

Alimlər AGLAE-dən Fransız hökumətinin Napoleon Bonaparta hədiyyə etdiyi bir qılınc qınının təmiz qızıldan hazırlandığını yoxlamaq (həqiqətən elə idi) və "Oturmuş Katib" adlı 4500 illik Misir heykəlinin canlı kimi görünən gözlərindəki mineralları müəyyən etmək üçün istifadə etdilər (qara qaya kristalı, ağ maqnezium karbonat və damarlar üçün də qırmızı dəmir oksid).


Oturmuş Katib

















Maşını idarə edən qrupun rəhbəri Kler Paçeko deyir: "AGLAE-nin tamamilə mədəni irsə həsr edilməsi onu bənzərsiz edir". Bu, müvafiq araşdırma sahəsi üçün istifadə edilən yeganə zərrəcik sürətləndiricisidir. 

Paçeko, Bordo Universitetində antik əşyalar sahəsində doktorluq dərəcəsi almaq üçün AGLAE-də ion-şüalanmaları analizləri ilə işə başlamışdır. 2011-ci ildə qrup lideri olan Paçeko, sürətləndiricini üç mühəndisdən ibarət olan komandayla birlikdə idarə edir. Fiziklər və mühəndislər, araşdırmalarını kuratorlar və sənət tarixçiləri ilə birlikdə aparır.

AGLAE-nin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, əsərlər üzərində tədqiqat aparılarkən zərər verməməsidir. Əgər söhbət mədəni mirasdan gedirsə, bu ilk prioritet olur. AGLAE-də istifadə edilən texnikalar arasında, litium və uran arasındakı elementlərin ən kiçik izlərini belə müəyyən edə bilən, zərrəciklə induksiya olunan rentgen və qamma şüaların emission spektrometriya üsulları var. 


















AGLAE-dən əvvəl tədqiqat obyektlərinin analizi üçün nümunələrin potensial təhlükələri olan vakuum otağına yerləşdirilməsi lazım idi. Vakuum otağına yerləşməyən böyük obyektlərin araşdırılması isə ümumiyyətlə mümkün deyildi. AGLAE-nin şüaları vakuumdan kənarda da çalışdığından, tədqiqatçılar istənilən ölçülü və formalı obyekti araşdıra bilir. 

Hiç yorum yok:

Yorum Gönder

Adbox

@templatesyard